AZ
EN
Media Consulting Services

Monitorinq şirkətləri arasında qalmaqal

"Media Consulting and Services" və "Nettrends"in apardıqları media monitorinqinin nəticələrinin fərqli olması biznes və media arasında bir sıra suallar yaratdı. 

Onlar bu monitorinqlərin hansına inansınlar deyə sual ortaya çıxır. Xüsusilə, "Media Consulting and Services" Media Monitorinq Şirkətinin iyun ayı üzrə tərtib etdiyi aşağıdakı cədvəl müəyyən fikir ayrılığına gətirib çıxardı. (Cədvələ keçid...)

Şirkətdən bildirirlər ki, cədvəldə toplanan rəqəmlər hər iki qurumun Facebook səhifəsindən götürülüb. "Media Consulting & Services"in əməkdaşı Vüsalə Hüseynova "Bizim Yol"a on ildir ki, bu sahədə fəaliyyət göstərdiklərini açıqladı: "Bu müddət ərzində müştərilərimiz daha dolğun, operativ və daha obyektiv məlumatlarla təmin etməyə çalışmışıq. Ayda bir dəfə bir neçə sektor üzrə topladığımız məlumatları dərc edirik. Əvvəllər aylar üzrə məlumatları dərc etmirdik. Hazırda bu addımı atmaqda məqsədimiz "Nettrends" şirkətinin aylar üzrə açıqladığı rəqəmlərin reallığı əks etdirməməsi, habelə bazarda yalnız  onların buna qadir olması kimi rəy yaratmaq cəhdləridir. Ondan sonra ötən ilin sonlarından başlayaraq hər ay biz də öz rəqəmlərimizi açıqlamağa başladıq. Bununla da indiyə kimi ictimaiyyətə təqdim olunan digər şirkətin faktiki olaraq hesabatlarının sabun köpüyü olduğunu sübut etdik. Bundan sonra biznes qurumlarından hər ay  bizə çoxlu sayda suallar gəlməyə başladı. Ondan sonra məlum cəvdəli tərtib edib, hər şeyi ictimaiyyətin müzakirəsinə buraxdıq".

V.Hüseynovanın sözlərinə görə, cədvəldə iki monitorinq şirkətinin açıqladığı nəticələr arasında çox kəskin fərqlər olduğu aydın görünür: "Məsələn, Beynəlxalq Bankla bağlı toplanan məlumatların sayında 2 dəfəyədək fərq yaranıb. "Paşa Həyat Sığorta" ilə bağlı məlumatlarda 2,5 dəfə fərq var. Bizim şirkət açıqladığı rəqəmin arxasında  məlumat durur və bunu sübut etməyə də hazırdır. "Media Consulting & Services" öz peşəkar komandasına, monitorinq sisteminə, hesablama metodologiyasına tam əmindir.

Bəzən media monitorinqlərini reytinq göstəriciləri ilə qarışıq salırlar. Əslində, burada iki məsələ önəm daşıyır. Birincisi, kimin haqqında nə qədər məlumat toplanılıb, ikincisi, hansı şirkətin daha çox tapmasıdır. Nə qədər çox məlumat tapılırsa, şirkətin daha üstün və daha dərin araşdırma aparan sistemə malik olduğunu təsdiq edir".

Şirkətin əməkdaşı bildirdi ki, hər hansı şirkət haqqında toplanan məlumatları şəffaf şəkildə təqdim etməyə hazırdılar: "Həmin şirkət haqqında yazılan xəbərlərin sayını və onların başlığı ilə açıqlamağa hazırıq. Monitorinq şirkəti müştərilərinə görə məsuliyyət daşımalı, daha dolğun xəbərlə təmin etməyə çalışmalıdır. Digər şirkət Facebook səhifəsindən öz bank və sığorta üzrə məlumatlarının sayını yığışdırıb, yalnız faiz ifadəsində saxlaması özlərinin də hesabatlarının səhv olmasını etiraf etmələridir. Əks halda, onlar öz hesabatlarını ilkin dərc etdiyi kimi saxlayardılar. Amma normal halda səhvi etiraf etmək və üzrxahlıq etmək lazım idi. Belə çıxır ki, biz bu yalanı tutmasaydıq, bu doğru bir hesabat statusunda qalacaqdı".

V.Hüseynova deyir ki, onların media monitorinqi təqribən 20-yə yaxın sektoru əhatə edir: Apardığımız hər bir sektor üzrə məlumatların toplanmasına 94-95 faiz təminat veririk". 

Monitorinqlərdə yaranan kəskin fərqə aydınlıq gətirən "Nettrends" Media Monitorinq şirkətinin nümayəndəsi Sədan Bünyadova isə bildirdi ki, onlar 2013-cü ilin yanvar ayından etibarən Azərbaycanda ilk dəfə olaraq onlayn mediada adların çəkilməsi statistikasını ictimaiyyətə açıqlayır: "Elan olunan rəqəmlər xəbərin mahiyyətini və məzmununu nəzərə almadan, sadəcə statistik olaraq bir adın və ya söz birləşməsinin neçə dəfə yazıldığını bildirmək üçündür. Bu göstəricilər çox güman ki, keyfiyyət analizini aparmağa imkan vermir və yalnız müəyyən istinad nöqtəsi rolunu oynayır".

"Sevindirici haldır ki, Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər də Nettrends-in təcrübəsindən faydalanaraq öz fəaliyyətlərində dönüş yaratmağa və adların hallanması statistikasını yaymağa başlayıblar", deyə S.Bünyadova açıqlamasında vurğulayıb. Onun sözlərinə görə, "Nettrends" şirkətinin fəaliyyəti tamamilə informasiya texnologiyalarına əsaslanaraq qurulub: "Yaydığımız statistik göstəricilər ən son texnoloji həllər tətbiq edilməklə edilir. Daha ətraflı analitik araşdırmaların nəticələri birbaşa müştərilərimizə təqdim edilir və izah edilir. Müştərilərimiz olan böyük müəssisələr, holdinqlər, şirkətlər və dövlət qurumlarından təqdim etdiyimiz hesabatların məzmununa dair heç bir sorğu və ya irad daxil olmayıb".

 Vüsalə RÜSTƏMOVA

http://www.bizimyol.info/news/27123.html , fins.az, marja.az

10.07.2014