AZ
EN
Media Consulting Services

Media monitorinq çətin və məsuliyyətli işdir

Media monitorinq çətin və məsuliyyətli işdir

Ona görə də, mövcud vəziyyət media monitorinq xidməti göstərən təşkilatlar qarşısında yeni vəzifələr qoyur. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə öz nüfuzu haqqında düşünən hər bir  kommersiya, hökumət və qeyri hökumət təşkilatı media monitorinq xidmətindən istifadə edir. Vikipediyaya istinad edərək qeyd edək ki, media monitorinq- KİV-in verilmiş mövzu üzrə izlənilməsidir. Həmin mənbəyə görə Media Monitorinq PR və reklam kampaniyalarının effektivliyini, təşkilatın və ya şəxsin formalaşdırılan  KİV “portretinin”  tərtibatını, hər hansı hadisənin və ya fəaliyyətin (hərəkətin) ictimai əks-sədasını öyrənmək, başqa şirkət və fərdlərin fəaliyyətini izləmək üçün istifadə olunur. 

Media Monitorinq haqqında son dövrlər daha çox danışılsa da, Rusiyada bu xidmət hələ 17-ci əsrin ortalarından, Parisdə 1852-ci ildən, Londonda 1879-cu ildən mövcud olub. Lenin 28 aprel 1921-ci ildə KİV-in monitorinq olunması haqda sərəncam verib. Azərbaycanda media monitorinqin tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Müstəqil Azərbaycana gəlincə ən azı 15 ildir ki, bu xidmət mövcuddur. Bizim  qrup 9 ildir ki, media  monitorinqlə məşğuldur. Hazırda biz bütün media növlərinin monitorinqini apara biləcək azsaylı agentliklərdənik.

  Yazının əvvəlində bu xidmət haqqında geniş məlumat verməyimiz son vaxtlar  KİV-də media monitorinqin məzmunu, məqsəd və vəzifələrinin təhrif edilməsi və bir növ müştərilərin çaşdırılmasına yönələn məlumatların yayılmasından irəli gəlir.

Yuxarıda qeyd edildiyi kimi, İKT-nin sürətlə inkişafı məlumatın hədsiz bolluğunu yaradır. Lakin qəribə olsa da bu bolluq cəmiyyət və onun üzvlərini qane etmir, bir çox hallarda isə bezdirir. İnsan bir varlıq kimi bu qədər məlumat selini qəbul və həzm etmək gücündə deyil. İnformasiyanın çoxu təkrarlanır, bir çox hallarda o, əldən ələ düşdükcə maraqlara uyğunlaşdırılaraq yenidən dövriyyəyə buraxılır və təhrif olunur. Hətta audio və video məlumatlar yeni texnologiyalar vasitəsilə  elə saxtalaşdırılır ki, onun saxta olduğuna inanmaq istəmirsən. Ona görə də bu gün məlumatların keyfiyyəti, mənbəyi və onların çeşidlənməsi media monitorinq təşkilatları qarşısında duran mühüm vəzifələrdəndir. Bu gün müştərini məlumatla təmin etməkdən əlavə, həm də onu lazımsız məlumatlardan qorumaq başlıca vəzifələrdəndir.

Yalnız bir növ medianın monitorinqi yenilik və həm də üstünlük sayıla bilməz (Hələ onların hüquqi statusunu qoyaq bir kənara. Çünki fəaliyyət göstərən saytların 80 faizi rəsmi hüquqi və fiziki şəxslər yox, domain sahibləridir. Onların əksəriyyəti maksimum 3 nəfər personaldan ibarətdir. Ona görə də bütövlükdə onları birmənalı  media kimi nəzərdən keçirmək doğru deyil). İnternetin və sosial şəbəkənin sürətli inkişafı, xarici KİV-vasitələrinin Azərbaycan üçün açıq olmasına rəğmən bu gün yenə də ən böyük auditoriyaya  yerli TV-lər malikdir. Bu gün Bakıdan yayılan 8 adda TV-nin aldığı reklam bütövlükdə jurnal, çap və on-line mediaya verilən reklamdan orta hesabla 7 dəfə çoxdur. Belə ki, 2012-ci ildə TV-də illik reklam dövriyyəsi təxminən 50 mln., cap və on-line mətbuatda birlikdə 6-8 mln. manat təşkil edib. Bu fakt bir daha göstərir ki, məzmun və keyfiyyətinin ölkə rəhbərliyini belə qane etməyən  TV  tamaşaçılarının sayı, geridə qalan  bütün medianın tamaşaçılarından çoxdur. Əks halda reklam da bu istiqamətdə  axmazdı. 

Digər tərəfdən hamıya məlumdur ki, əgər məlumat istehsal olunursa, onun istehsalçısının bu prossesdə maddi, kommersiya  marağı var. Bu gün internetdə məlumat bolluğuna rəğmən, ölkənin ən nüfuzlu agentlikləri, o cümlədən APA və Trend 30-35%, Turan 75-80%, İnterfax 15% öz biznes məlumatlarını bağlı saxlayır (mənbə: adları sadalanan KİV-lər). Onlar bu məlumatları öz müştərilərinə birbaşa satır. Və yaxud bu məlumatları köhnəldikdən, öz aktuallığını itirdikdən sonra açırlar (amma bu zaman məlumatları proqram görə bilmir). Ona görə də, yalnız saytlarda olan açıq məlumatların monitorinqinin aparılması, heç zaman obyektiv və bütöv monitorinq ola bilməz. Çünki, bu monitorinqin əhatəsinə düşən məlumatların ən azı 50 faizi dövriyyədə olan ucuz və ya pulsuz informasiyaların toplusudur. Deməli burada nəinki keyfiyyətdən, heç kəmiyyətdən də danışmaq doğru olmur. 

 

Bundan əlavə bu ideyanın müəllifləri yalnız İnternet resurslarını monitorinq etməyi və öz metodlarında insan resurslarından istifadə edilməməsini üstünlük kimi qələmə verirlər. Amma əslində bu məqam belə təşkilatların öz imkanlarının məhdudluğunu gizlətməkdən irəli gəlir. İnternet resurslarının avtomatlaşdırılmış üsulla və ya açar sözlərlə izlənildiyini yenilik kimi qəbul edənlər yalnız informasiya işindən çox uzaq insanlar ola bilər. Google şirkətinin bununla bağlı çoxsaylı axtarış və məlumatlandırma metodları vardır. Amma nəinki Qərb ölkələrində, Rusiya, Ukrayna, Qazaxstan və Türkiyədə  də saytların monitorinqi üçün professional proqramlar iki ilə yaxındır ki, normal hala çevrilib (Qeyd edim ki, bu metod hələ də təkmilləşmə və mükəmməlləşmə dövrünü yaşayır). Bununla belə bu ölkələrdə hətta bu proqramın tətbiq edildiyi şirkətlərdə monitorinq zamanı məlumatların yoxlanmasında, emalında, çeşidlənməsində, qiymətləndirilməsində insan resurslarından geniş istifadə olunur və bu çatışmamazlıq anlamına gəlmir. Bu gün məqalə yazan və reportaj hazırlayan proqram (maşın) yoxdursa onu keyfiyyət, xarakter, məzmun və s. parametrlər üzrə təhlil edən proqram da yoxdur. Heç bir proqram məlumatların neytral və ya tərəfli olduğunu qiymətləndirə bilməz. Bu gün Bakıda BBC monitorinq, ATƏT-in DTİH bürosu bütün prosesdə, izləməkdən tutmuş təhlilə kimi insan resurslarından istifadə edərək monitorinq aparır. Onlar çox yaxşı bilir ki, monitorinq məlumatların müştərilərin boxuna lazım gəldi-gəlmədi avtomatik göndərilməsindən ibarət deyil. Bu olduqca məsuliyyətli,  ağır zəhmət və enerji tələb edən bir işdir. Əks halda onlar (həmçinin  istənilən yerli ortababat şirkət və ya agentlik) da maksimum 10 min manat sərf edib, bir serverə alababat bir proqram yazdırıb, bütün hər şeyi serverə tapşırardılar, maaş, ofis, material və s kimi maddələrə pul xərcləməzdilər. Ona görə də, biz bu gün avtomotlaşdırma metodunu işlərimizin keyfiyyətini, sürətini və əhatəsini artırmaq üçün əlavə bir vasitə kimi istifadə edirik və bundan sonra da belə edəcəyik.

Məlumatların yalnız bir növ mediada monitorinq edilməsi bütövlükdə gedən prosesləri qiymətləndirməyə imkan vermir. Təhlillərimizin nəticəsi göstərir ki, saytların sayı durmadan artsa da, o, hələ ənənəvi mətbuatı sıradan çıxara bilməyib. Belə ki, biznes məlumatlarının yalnız 55 faizi burada yayılır. Jurnal və qəzetlərin payına isə 45 faiz məlumat düşür. Bundan əlavə hesablamalarımız deməyə əsas verir ki, 2012-ci ildə KİV və on-line mediada yerləşdirilən 6-8 mln. manat dəyərində reklam büdcəsi  onlar arasında təxminən bərabər bölüşdürülüb.  

Bəs hər bir şirkətə və onun marketinq şöbəsinə rəqibinin TV və radiolara sponsorluq verlişləri, qəzet, jurnal və elə on-line mediada dərc olunan PR məqalələr, reklamlar və onlara  xərclənən vəsait maraqlı deyilmi?  Necə düşünürsünüz?

Onu da qeyd edək ki, ana dilimizin xüsusuiyyəti, yerli saytların keyfiyyət səviyyəsi və onların RSS-nin  mükəmməl olmaması həmin axtarış proqramına tam güvənməyə imkan vermir. Avtomatlaşdırılmış monitorinqin müsbət tərəflə yanaşı böyük çatışmamazlıqları da vardır, bunlar əsasən aşağıdakılardır:

1.Proqramla məlumatları keyfiyyət və əhəmiyyəti üzrə tanıya bilmir. Bu çatışmamazlıq müştərini hədsiz yorur, təkrarçılıq baş verir. Məlumat çoxluğu bəzən müştərini axtardığı məlumatdan yayındırır. Ona görə də, müştəriyə bir hörmət əlaməti olaraq bu məlumatlar göndərməz əvvəl canlı “süzgəc”dən keçirilməlidir.

2. Mövzuya aid olmayan məlumatlar monitorinqin əhatəsinə düşür. Belə ki, istifadə etdiyimiz proqram bu yaxınlarda ”X markalı avtomobil beton dirəyə çırpılaraq aşıb” başlıqlı məlumatı götürüb avomobil və inşaat materialları üzrə mövzuya aid etmişdi. Çünki, X (ad şərtidir) adı çəkilən avtomobil markası və avtomobil birinci mövzunun açar sözləridir, beton isə ikinci mövzunun. Halbuki bu məlumatın nə avtomobil markasına, nə avtomobil, nə də inşaat mövzusuna heç bir aidiyyatı yoxdur. Bu fakt bir daha təsdiq edir ki, proqramın əldə etdiyi  məlumatlar insan resursu tərəfindən yoxlanılmalıdır.

3. Tam avtomatlaşdırılmış metod hər bir müştəriyə individual yanaşma şansı vermir.

Yerli bazarda bu saytların proqramlaşdırma vasitəsilə monitorinq edilməsinin çox populyar olmamasının əsas səbəbi bunlardır:

1. Ölkə kiçikdir, Rusiya və Türkiyədən fərqli olaraq Azərbaycanda regional medianın növü və sayı çox azdır. Medianın 95 faizi məhz Bakıda cəmlənib.

2. Bütövlükdə media monitorinq xidməti işin həcminə və ağırlığına rəğmən bu xidmət aşağı rentabelli iş sayılır.

3. Bazar məhduddur; bu gün Azərbaycanda mövcud olan 43 Bankdan ən azı 30-u, 29 Sığorta şirkətindən ən azı 20-si bu xidmətdən istifadə etmir. Onların bir çoxu bu xidmətin nə olduğunu və ondan necə istifadə edildiyi haqda təsəvvürə malik deyil. Elə bank və ya sığorta şirkəti var ki, bir ay ərzində onun haqqında ümumiyyətlə  məlumat olmur. Bu gün fəaliyyət göstərən hətta sanballı şirkətlərin belə, 50 faizi mətbuat xidməti və ya PR işçisinə malik deyil. Dövlət qurumları, yerli və xarici qeyri hökumət təşkilatları da hələ ki, monitorinq xidmətindən istifadə etməyə tələsmir.

4. Mediada yayılan məlumatların təkrarçılığı və dərc olunan məlumatların əsasən şirkətlərin rəsmi məlumatları olması bu xidmətə təlabatı bir qədər azaldır. Mediada rəngarəngliyin və müxtəlifliyin olmaması bu xidmətə mənfi təsir göstərir. Bu gün 3-4 KİV  istisna olmaqla, qalanları məlumat istehsalçısı deyil, yalnız yayıcılarıdır.

Bunları nəzərə alaraq qeyd etmək istəyirik ki, bütün KİV-i profesional monitorinq etmədən, məlumatları keyfiyyət və əhəmiyyət üzrə çeşidləmədən, onları təhlil etmədən müştərinin KİV-də portretini yaratmaq mümkün deyil. Bu olsa-olsa yarımçıq portret ola bilər. Yeni texnologiyalar və proqramlar yaxın zamanlarda media monitorinq subyekti ola bilməz. Onlar monitorinqin keyfiyyətini və əhatəsini artırmaq üçün peşəkər canlı monitor və təhlilçilər üçün yaxşı bir vasitədir. Sosial şəbəkələrin monitorinqinə gəlincə burada da velosiped icad etməyə ehtiyac yoxdur: twitter və socialbaker və s. kimi alətlərin canı sağ olsun.

Yeri gəlmişkən,ABŞ prezidenti A. Linkoln deyirdi:” Boyük sayda insanları qısa zamanda, bir qism insanı isə uzun müddət aldatmaq olar. Amma hamını həmişə aldatmaq mümkün deyil”

Media Consulting and Services, 

Analitik qrup

17.09.2013 | 15:08

http://qafqazinfo.az/news/detail/media-monitorinq-cetin-ve-mesuliyyetli-isdir-50275