AZ
EN
Media Consulting Services

''Hətta 360 saytı izləmək problem deyil''

Biz 2004-ci ildən fəaliyyət göstəririk, 2008-ci ildə rebrendig etdik. 2004-cü ilin əvvəlində mən hələ “Turan” informasiya agentliyində “Bazar icmalı” bülleteninin aparıcısı işləyirdim. O zaman bizə xaricdən Azərbaycan mediasının neft, qaz, energetika, rabitə sahəsində və digər mövzularda xülasəsini vermək təklifləri gəlirdi. İnternet belə inkişaf etməmişdi. Agentliklər məlumatları əsasən kuryerlə çap variantında yollayırdılar. Onda qəzet və televiziyalar daha güclü informasiya vasitəsi sayılırdı. Məlumatların xülasəsinə Azərbaycanda çalışan transmilli şirkətlərin də marağının artdığı hiss olunurdu. Bu tələbat mənim işimin istiqamətini dəyişdi, agentlikdən ayrılaraq bir qədər fərqli iş görməyə başladım.

Elə 2004-cü ildə bizə mobil operatordan tender təklifi gəldi. Orada iştirak elədik, uğur qazandıq. İlk yerli müştərimiz mobil operator oldu. Bir qədər fərqli iş görməliydik: əgər xarici şirkətləri böyük yazıların xülasəsi maraqlandırırdısa, bu şirkət özünə maraqlı materialları tam həcmdə istəyirdi.

- Məlumatların təhlili ilə də məşğul olurdunuz?

- Monitorinqi alan hər bir təşkilat ayın sonunda bir statistikanın olmasını da istəyir. Hər ayın sonunda müştərinin tələbindən asılı olaraq əvvəllər də təhlillər aparmışıq, indi də aparırıq. Burada söhbət yalnız məlumatların sayı yox, həm də xarakter, məzmun üzrə təhlilindən, təsir indeksindən, əhatə dairəsi və parametrlərdən gedir.

- Müştəriləri nə kimi məlumatlar maraqlandırır: özünə aid xəbərlər, yoxsa daha geniş bilgilər?

- Adətən şirkətləri yalnız özünə aid yox, həm də çalışdığı sektor üzrə məlumatlar maraqlandırır. İstəyir bilsin özü haqda nə yazırlar, rəqibi nə edir. Həmin sahəni tənzimləyən dövlət qurumu və qanunvericilik haqda dərc olunan materialları da izləyirlər. Bank var özünə rəqib bildiyi 10 bankın, sektora bağlı beynəlxalq qurumların, tənzimləyici orqanın məlumatlarını istəyir...

Mobil operatordan sonra müştərilər sırasına Azərbaycanda fəaliyyət göstərən xarici içki şirkəti qoşuldu. Amma biz onlara birbaşa deyil, əlavə tədarükçü olaraq xidmət göstərdik. Belə-belə işlədik.

2006-cı ildə isə bank, sığorta sektoru ilə işləmək qərarına gəldik. 6 ay monitorinq apardıq, məlumatları 30-a yaxın banka nümayiş elətdirdim. Bankların heç biri bu xidmətlə maraqlanmadı. 6 ay mən bu xidməti test rejimində göstərdim. Hər halda sonda əməyimiz boşa çıxmadı, 4 bank bu xidmətdən yararlanmaq istədi. Bu işin bir tərəfi var: prosesə nə qədər çox şirkət qoşulsa, qiymət aşağı düşür. Ona görə də məhsulun rentabelliyini aşağı qiymətlə təmin etmək üçün onun əhatə dairəsini genişləndirmək lazım idi. Bir ildən sonra həm bank, həm də sığorta sektoruna aid məhsullar rentabelli oldu.

- Şirkətlərin tələbləri müxtəlif də ola bilər…

- Belə bir faktor var. Elə şirkət var kütləvi xidməti istəmir, fərqli tələblər irəli sürür. Ona görə də biz hər bir müştəriyə fərdi yanaşmağa, onların tələblərini uzlaşdırmağa çalışırıq. Kütləvi xidmət bir qiyməti var, eksklüziv xidmətin başqa qiyməti. Müştəriyə geniş seçim imkanı yaradırıq, təki tələb etdiyi həcmə görə büdcəsi olsun.

- Nə zamandan siz xidmətləri internetlə göstərməyə başladınız?

- Biz qəzet məlumatlarını müştərilərə elə 2004-cü ilin ikinci yarısından internetlə göndərməyə başladıq. Düzdür, onda internetin sürəti zəif idi, “dial up” istifadə edirdik. Bu gün bir dəfəyə yolladığımız materialı o zaman 10 yerə bölməli olurduq. 2005-2006-cı illərdə artıq ADSL internet gəldi. Məlumat göndərmək xeyli asanlaşdı.

- O dövrdə indiki texnologiyalar yox idi. Məlumatı necə toplayırdınız?

- Yerli saytlar yeni yaranırdı, ilk monitorinq etdiyimiz sayt Day.az oldu. Sonra sürətlə yeni-yeni saytlar yaranmağa və populyarlaşmağa başladı, 2008-ci ildə artıq 45 saytı izləyirdik. Qəzetləri isə o zaman alırdıq, yazıları qayçı ilə kəsib skan edir, elektron versiyada üstünə qəzetin adını, dərc tarixini, səhifə sayı və sair məlumatları yazıb müştərilərə göndərirdik. Təzə fəaliyyətə başlayanda televiziya videomaqnitofonla yazılırdı, baxılırdı, kəsilirdi, sonra elə kasetlə müştəriyə göndərilirdi. Sonrakı mərhələdə DVD gəldi, sonra daha kiçik daşıyıcılar peyda oldu, indi də sürətli internet var. Onun köməyi ilə işləyirik. Bu gün televiziya, radio, qəzet və saytları ən müasir üsullarla monitorinq edən yeganə yerli media monitorinqi şirkətiyik. Bizim indiki sistem tam rəqəmlidir.

- 2008-ci ildə şirkəti yeniləmək qərarına gəldiniz, nədən?

- Əvvəlcə biz yalnız media monitorinqi şirkəti kimi çalışırdıq. Sonra tədbirlərin təşkili kimi xidməti göstərməyə başladıq. Daha sonra biznes məlumatlandırma xidməti ilə bağlı çoxlu müraciət oldu. Bazara girmək istəyən şirkət Azərbaycanın qanunvericiliyi, idxal-ixrac statistikası ilə maraqlanırdı. Bu xidməti də göstərməyə başladıq. Ona görə də media ilə bağlı bütün xidmətləri ifadə edən bir ad fikirləşdik. Qərar verdik “Media Consulting & Services” olsun, yəni media məsləhəti və xidmətləri. Bu söz birləşməsi Google-da çox populyardır, amma indi hərdən düşünürəm bir qədər uzundur. Ad dəyişmək asan məsələ deyil, çoxlu enerji və vəsait tələb edir. Elə bil şirkəti yenidən tanıtmalısan. Ad dəyişmə qəbul olunmuş bir təcrübədir, şirkətlər belə üsula ələ atır, biz də belə etdik.

- Radionu monitorinq etdiyinizi vurğuladınız. Bu necə olur?

- Bütün radiolar 24 saat yazılır. Sonra bizim əməkdaşlar radioları izləyirlər. Əsasən reklamları, sponsor verilişlərini və xəbərləri. Müştərilərin radio xəbərlərinə marağı bir qədər azalıb. Amma müəyyən proqramlar var, onları istəyirlər. Radioda maraqlı verilişlər də çox deyil. 3-4 dəqiqəlik xəbərlər olur saatın başında, daha çox onları izləməyə ehtiyac duyulur. Radioda sponsorluq etdiyi verilişlər şirkətlərin marağında olur. Onları izləyirik, təftiş edirik.

- Sizin sistem artıq rəqəmlənib, bu nə zaman baş verdi?

- Televiziya məlumatlarının rəqəmləşməsi prosesinə 2009-cu ildən başladıq. Onlayn məlumatların monitorinqinə gəlincə, onun avtomatlaşdırılması 2013-cü ilin aprel ayında test rejimində işə düşüb. Azərbaycanda belə bir sistemi qura bilən, proqramını yazan peşəkar şirkət yoxdur. Mən Kibernetika İnstitutunda bir neçə nəfərlə görüşdüm. Elmlər Akademiyasına müraciət etdim. Məlum oldu belə imkan bizdə yoxdur. Xarici mütəxəssislərə yönəlməli oldum. Xarici proqramçılar çox çalışdı, biz apreldə onlayn resursların monitorinqini bu proqrama tam həvalə edə bilərdik. Amma qüsurlar çox idi. Proqramın bizim ana dilimizə uyğunlaşdırılmasında problemlər yaşandı, ingilis dilində proqram əla işləyirdi, rus dilində məlumatları asanlıqla tapırdı, amma bizim dildə çətinlik duyurdu. Bizə Azərbaycan dilini mükəmməl bilən proqramçı lazım idi, burada bir neçə adamla görüşdük, amma heç kim bizə yardım edə bilmədi. Həmin adamı biz Moskva Dövlət Universitetində tapdıq. O xanım həmin xarici proqramçılara sistemi bizim dilə uyğunlaşlırmaqda yardımçı oldu. O, əsl tapıntıydı.

4 ay test rejimində işləyəndən sonra 2013-cü ilin avqustunda sistemi tam işə saldıq, proqram onlayn medianı avtomatlaşdırılmış qaydada monitorinq etməyə başladı. 2014-cü ilin əvvəlindən isə biz qəzetləri rəqəmləşdirməyə və avtomatlaşdırma prosesinə başladıq. Qəzeti skan etdikdən sonra işlərin 80 faizini proqram həyata keçirir.

- Sosial şəbəkə ilə işləyirsinizmi?

- Sosial şəbəkə ilə bağlı bir çox şirkət manipulyasiya edir, radio və televiziyanı monitorinq edə bilmədikləri halda sosial şəbəkənin monitorinqindən danışırlar. Bizim sistem Twitter, Vkontakte, Livejournal-ı monitorinq etməyə tam qadirdir. Biz bu şəbəkələri monitorinq edə bilirik. “Facebook-u monitorinq edirəm” deyənlər yalnız açıq səhifələri izləyə bilərlər. O problem deyil. Amma bağlı profilləri monitorinq etmək mümkün deyil. Bu, qapalı profildir, sənin ora leqal girişin yoxdur. Sən onu necə monitorinq edə bilərsən?

Twitter-in monitorinqi ilə bağlı öz təcrübəmdən bir nümunə deyə bilərəm. Bu yaxınlarda bir bank bu şəbəkənin monitorinqini sifariş verdi. Amma bir həftədən sonra dedi, bağla, lazım deyil. Çünki o qədər məlumat gəldi ki, bunu heç on adam oturub analiz edə bilməz.

Media monitorinqi təşkilatlarının bugünkü əsas vəzifələrindən biri də müştəriləri artıq və lazımsız məlumatlardan qorumaq, məlumatları süzgəcdən keçirməkdir. Bu gün proqram vasitəsilə 150-160 saytı monitorinq edirik, hətta 360 saytı izləmək bizim proqram üçün problem deyil, təki müştəri bunun qarşısında dura bilsin. Açar sözlərin sayına da məhdudiyyət yoxdur.

Bu gün bəzi müştərilər tələb edirlər: hansı məlumat təkrarlanırsa, göndərmə. Gördüyünüz kimi, artıq media monitorinqi şirkətləri başqa bir məsələni həll etməlidirlər. Azərbaycanda xəbər saytlarının sayı ilə bağlı müxtəlif rəqəmlər söylənir. Amma onların sayı 300-dən çox deyil. Türkiyədə isə 3000 xəbər saytı var. İndi görün orada nə qədər məlumat axır.

- Yəqin şirkətlər sizdən xarakter üzrə məlumat istəyirlər: neqativdir, pozitivdir və sair.

- Bəli, biz onu ayda bir dəfə veririk, rəqəmləri açıqlayırıq. Məlumatın sayı heç nə demir, əslində onun məzmunu vacibdir.

- Deyəsən, PR işləri ilə də məşğul olursunuz...

- Media monitorinqi PR xidmətinin nə qədər effektiv olub-olmadığını ölçən bir alət olsa da, Qərb təcrübəsində eyni şirkətin həm monitorinq, həm də PR xidməti göstərməsi çox az halda ola bilər. Orada dar ixtisaslaşma var, bir şirkət bir fəaliyyət növü ilə məşğul olur. Sadəcə Azərbaycan bazarı çox kiçik olduğuna görə hər hansı bir məhsulla rentabelliyi saxlamaq asan olmur. Türkiyədə 1000 müştərisi olan media monitorinq şirkəti var. Türkiyənin hər bələdiyyəsi, valisi, müğənnisi, siyasi partiyası, hər bankı bu xidməti alır. Bizdə, təəssüf, informasiyaya münasibət fərqlidir. Çoxları deyir, qəzetlərin çökməsinə onlayn media bais oldu. Burada həqiqətin payı var. Amma görürsünüzmü, Türkiyədə çap mediası populyarlığını saxlayır. 1-1,5 milyon tirajla çıxan qəzetlər yenə var. Onlayn medianı bizdə gənclər oxuyur. Bizim orta və yaşlı nəsil, əsasən də regionlarda, demək olar, heç nə oxumur. Mətbuat qalsın kənarda, kitab oxumağa da zəifik. Türkiyədə çayxanalarda da xəbərləri izləyirlər, özü də ayaq üstə. Türkiyədə media güclüdür deyə, mediaya bağlı olan infrastruktur, biznes inkişaf edir. Reklam boldur, qəzetlərə çoxlu reklam gəlir, bu səbəbdən qəzet ucuz satılır. Hər qəzetin öz mətbəəsi var, qəzetlər, media gücləndikcə ona hər bir qurumun marağı artır.

- Həm də mediası zəif olan ölkə başqa dövlətlərin mediasının təsiri altına düşür. Öz medianı oxumursansa, başqasını oxuyacaqsan...

- Bu gün internetdə nəyisə bağlamaq mümkün deyil. Kiməsə lazım olsa, o məlumatı tapacaq. Yaxşı olar, sən özün o tələbatı təmin edəsən. Bu gün biznes mediaya ona görə pul ayırmalıdır ki, mətbuat nə qədər güclü olsa, biznes məhsullarının təbliği, reklamı da daha çox effekt verəcək, böyük əks-səda doğuracaq.

- Siz PR şirkəti olaraq tədbirlərin təşkili ilə də məşğul olursunuz. Jurnalisti tədbirə toplamaq nə dərəcədə çətin, ya asandır?

- Jurnalistləri tədbirə dəvət eləmək, bir yerə toplamaq çətindir. Tədbirə gəlməmək istəyən mətbuat nümayəndələrini anlayıram. Hesab edirəm, onlar xeyli haqlıdır. Niyə? Bir il ərzində hansısa bir biznes qurumu media ilə bağlı heç bir iş görmür, reklam vermir, mətbuat işçilərinin maariflənməsi üçün bir təlim təşkil etmir, açıq qapısı yoxdur, görüş keçirmir, medianı dinləmək istəmir. Birdən-birə də buna mətbuat konfransı keçirmək lazımdır, zəng edir jurnalistə ki, sizi konfransıma dəvət edirəm. Nəzərə almır ki, media da bir kommersiya qurumudur. Əlbəttə, tədbir ictimaiyyət üçün çox əhəmiyyətlidirsə, media öz oxucuları naminə mətbuat konfransına gələcək. Amma media nümayəndələri də da hiss eləyir: bank onu ona görə dəvət eləyib ki, özünün buna ehtiyacı yaranıb. Bu da qıcıq doğurur. İl ərzində mediaya açıq olsan, əlaqə saxlasan, görüşlər keçirsən jurnalistlər bu diqqəti duyacaq və qiymətləndirəcək. Media özünü bizneslə bərabər müstəvidə görsə, münasibət tamam dəyişəcək.

- Siz əsasən biznes qurumlarıyla əməkdaşlıq edirsiniz?

- Bəli, əsas müştərilərimiz yerli və xarici kommersiya qurumlarıdır. Bizim qrupun müştəriləri sırasında Azercell, Azersun, AXA MBASK, Bank of Baku kimi nüfuzlu təşkilatlar var. (mediaforum.az, 22.06.2014)